“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” layihəsinin yekun konfransı keçirilib
23 sentyabr 2026-cı il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və TƏBİB-in dəstəyi, Hemofiliya və Digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə “Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” layihəsinin yekun konfransı baş tutub.

Tədbirin açılışında Hemofiliya və Digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri, "Sumqayıt Hospital"ın direktor müşaviri Ayaz Hüseynov məruzə ilə çıxış edərək, laxtalanma pozuntularında evdə müalicənin beynəlxalq təcrübəyə uyğun tətbiqinin önəmini qeyd edib. A.Hüseynov dövlət proqramı çərçivəsində ayrılan faktor preparatlarının regionlardakı pasiyentlərə vaxtında çatdırılmasının, uşaqlar arasında əlilliyin qarşısının alınması üçün orta tibb heyətinin peşəkarlığının artırılmasının və həkim nəzarəti altında operativ müdaxilənin zəruriliyini vurğulayıb.

Konfransın rəsmi hissəsində Milli Məclisin Səhiyyə komitəsinin deputatı Pərvanə Vəliyeva, Ombudsman Aparatının şöbə müdiri Aytən Tarverdiyeva, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli və "Vətəndaşların Sosial Rifahı Naminə" İB sədri İradə Riza-zadə çıxış ediblər. Nümayəndələr regionlara dərman təminatındakı inzibati məsələlərin həlli, uşaqların əlillikdən qorunması və dövlət səhiyyə qurumlarının Assosiasiya ilə sıx əməkdaşlığının vacibliyini diqqətə çatdırıblar.

Tədbirin davamında səhiyyə mütəxəssisləri Asya İsmayılzadə və Mətin Mahmudov hemofiliyanın multidisiplinar müalicə modeli, fəsadlaşmalar və beynəlxalq standartlara uyğun hayatqurtarıcı təlimlərin təşkili mövzularında təqdimatla çıxış ediblər.

Konfransın sonunda hemofiliya müalicəsinin təkmilləşdirilməsi məqsədilə hazırlanan və yaxın günlərdə aidiyyəti dövlət qurumlarına rəsmi təqdim olunacaq "Təkliflər Paketi" səsləndirilib.

Mətbuat xidməti / "Sumqayıt Hospital"



